21.9.12

Rusiyanın problemi


Beləliklə, niyə Rusiyanın Pyotrdan sonra modernləşməsi yarımçıq nəticələr verdi və ölkə yaşayış standartları yüksək inkişaf etmiş məkana çevrilə bilmədi.

Pyotr bəzi məsələləri dəqiq anlamışdı:

1) O bilirdi ki, Rusiyanın Şərqdə nailiyyətləri, yəni fakitiki manesəiz irəliləməsi və əski İpək Yolunun xeyli hissəsini nəzarətə götürə bilməsi, bu qlobal ticarət yolunun əhəmiyyətinin tədricən sıradan çıxması ilə bağlıdır. İndi ticarət məhz dəniz yollarındadır. Qüdrətli olan, dənizdə ağalığını təmin edəndir. Rusiya bir xeyli gecikib. Müsəlman dünyası isə İpək Yolunun əhəmiyyətinin xeylis zəifləməsi ilə əsas iqtisadi üstünlüyünü itirdiyini hələ başa düşmürdü. 1571-ci il  Lepanto döyüşü ilə isə onsuzda okeana çıxmaq anlayışı olmayan Osmanlının Aralıq dənizində də ağalığına son qoydular. Bu dəniz yolu elə bir möcüzəli silah idi ki, ona vaxtında yiyələnə bilən balaca bir Niderland başından bir xeyli yuxarı hoppanıb superdövlətə çevrilə bilmişdi. 1588 -ci il dəniz döyüşündən sonra isə İngiltərə su yollarının ən qüdrətli sahibnə çevrilmişdi. Pyotr elə Niderland misalına görə ora getmiş və ikinci vacib məsələni də modernləşmənin əsas açarlarından biri kimi əxz etmişdi:  

2) Pyotr texnologiyanı götürərərək, gəmi tikmək, silah düzəltmək, ordu quruculuğu,  manufaktura istehsalı və s. sahəsində Avropanın nailiyyətlərinə yiyələnmək qərarında qəti idi. Qədim rus ordusu olan streletslər buraxılmış, yerinə Semyonovsk, Preobrajensk alayları və onların bazasında yeni rus ordusu yaradılmışdı. Osmanlı isə Lepantoda rəqib artıq mahonla üzərkən özü qalerada, Krım müharibəsində isə hamı buxarda olarkən yelkəndə idi. Texnoloji cəhətdən çox geridə idi. Yeniçəri ordusu köhnəlmiş və demək olar ki, yararsız hala düşmüşdü. 

3) Niderland və İngiltərə kimi uğurlu dövlətlərin timsalında Pyotr həmiçinin katolik kilsəsindən imtinanın da faktor olduğunu düşünmüş, ona görə qayıdan kimi Rus Pravoslav kilsəsinin cəmiyyətdəki konservativ rolunu azaldacaq bir sıra addımlar atmışdı: məşhur kilsə zənglərinin əridilməsindən tutmuş Sinodun təşkilinə kimi. Ümumiyyətlə Pyotr mədəni transformasiyaya ciddi əhəmiyyət verirdi. Saqqal qırxılmış, kaftanlar zorla əyanlara geydirilmişdi. Pyotrun imkanı olsa idi dili də dəyişdirərdi:) Həttə özünə bəzi əyanların alman, yoxsa flamand dilində  "Min herz" deyə müraciət etməsinə nail olmuşdu. Yüzlərlə avropalı alman, fransız, skandinaviyalı mütəxəssisi Rusiyaya çağırıb məskunlaşmağına şərait yaratmışdı. Pyortun bu işlərini, özü də alman olan Yekaterina daha da irəli aparmışdı, ortodoks-pravoslav kilsəsinin səlahiyyətləri bir az da məhdudlaşdırılmışdı, kilsənin torpaq mülkiyyət hüququ ləğv edilmişdi. Fransa inqilabndan sonra isə fransız dili rus saray və əyanının vacib bir atributuna çevrilmişdi. Beləliklə bütün bunlar Rusiyanı xeyli irəli aparmış, qüdrətli hərbi qüvvəyə çevirmiş, amma inkişaf etmiş dövlətlər sırasına qovuşdura bilməmişdi.

4) Nigar adında bir tələbəmizin dediyi ki, balonu havaya buraxsalar da, zənbilin altından ağır bir çəki daşı asılmışdı.  Rusiya Volter və Russoya vurulub onların dilini dəbə çevirməkdən daha vacib, dediklərinin əsas məzmununu əxz etməli idi. Rusiya qəbul etməli idi ki, əvvəl İngiltərə və Niderland, sonra Fransanın uğrunun arxasında həm də buralarda mütləq monarxiyanın sıradan çıxarılması durur. Dövr mütləq hakimiyyətin sonunu tələb edir. Ya İngiltərədə olduğu kimi uzun müqavimətdən sonra taxt məhdudlaşmağa razılaşır və məhdud monarxiyalı parlamentrarizm yaranır, yaxud xalq ümumiyyətlə monaxriyanı ləğv edib, yerinə  respublika qurur. İngiltərə və Niderlanddakı nailiyyətlər eyni səviyyədə olmasa da, bütün cəmiyyəti əhatə edə bilmişdi. Parlamentarzim, yəni siaysi idarəçiliyin modernləşməsi inkişafın ayrılmaz tərkib hissəsi idi. Ola bilməzdi ki, balaca bir elit bütün yeniliklərdən bəhrələnsin, cəmiyyətin əsas hissəsi isə təhkimli kəndli qalıb, qul kimi  hüquqsuz yaşasın. İnkişaf etmiş dövlət hakimiyyəti daha güclü və daha varlı olan dövlət deyil, bütövlükdə xalqı daha güclü və daha varlı olan dövlətdir. Rus zadəganları arasında  bu həqiqəti anlayanlar 1825-də ayağa qalxdılar, amma məğlubiyyətə uğradılar. Monarxiya problemin vacibliyini qismən anlamış ruslar Krım müharibəsində uduzandan sonra, 1861-də təhkimçilik hüququnu ləğv etmişdi. Amma tələb olunan çox vacib bir element heç vaxt həyata keçirilmədi. Nə 1905-ci ildəki dumalar cəhdi, nə 1917-dən sonrakı Müəssislər Məclisi və sovetlər, nə də 1991-dən sonrakı dumalar Rusiyada parlamentarizm məsələsini həll edib, bir nəfərin mütləq haklimiyyətinə son qoya bilmədi. Məhz buna görə Rusiyanın modernləşməsi yarımçıq qaldı və zaman-zaman onu katastrofik təbəddülatlarla üz-üzə qoydu.  Bu reallıq bu gün də var. Yəni Rusiya yenə də inkişaf etmiş ölkəyə çevrilə bilməyəcək və yeni təbəddülatlar birmənalı şəkildə qaçılmaz olacaq, rəsmi ya qeyri rəsmi mütləq monarxiya güclü parlamentlə və əsil müddətli idarəçiliklə məhdudlaşdırılana  kimi.