Romalıların
Avqustu imperator etməsinin səbəbi Sezarın qətlindən sonra yaranmış
qarışıqlıqdan bezmələri idi. Məsuliyyəti
başlarından ataraq demokratiyanın bir hissəsini stabilliyə könüllü qurban verirdilər.
Avqust hakimiyyətinin sülalə monarxiyasına dönəcəyi ağıllarına belə gəlmirdi. Cəzasını
çəkəcəkdilər. Kaliqula, Neron kimi qəddar hakimlər romalıların başına olmazın
zülmlər gətirmişdilər.
Əslində zülmlər elə Avqustdan dərhal sonra
başlamışdı. Onun varisi Tiberuis özü Kapriyə gedərək, ölkədə bütün hakimiyyəti
Secanus adlı qəddar bir şəxsə vermişdi. Secanusun əməlləri və ondan narazılıq o
həddə çatmışdı ki, Tiberius xalqın qəzəbindən qorunmaq üçün Senatın əli ilə onu
məhv etmək məcburiyyətində qalmışdı. Bir müddət sonra Tiberiusun özünün də ölümünü
xalq sevinclə qarşılayacaqdı. Lakin romalılar yağışdan çıxıb yağmura düşəcəkdilər.
Tiberiusun varisi Kaliqulanın qəddarlığı daha da şiddətli idi və bu despot sonda
elə ətrafı tərəfindən də qətlə yetiriləcəkdi.
Növbəti imperator Klaudius romalıların
hakimiyyətə olan etimadını bərpa etmək
üçün bir sıra tədbirlərə əl atmışdı. Bu tədbirlər içərisində həm təbliğat
xarakterli, populist addımlar, həm də real işlər var idi. Məsələn, deyirlər ki,
o Senat iclaslarında, yaxud öz sarayında şikayətləri qəbul etdiyi vaxtlarda həmişə
ayaq üstə duranlardan kifayət qədər oturacaq olmadığına görə üzr istəyərmiş.
Real işləri isə işğal olunmuş ərazilərin əhalisinə nəinki Roma vətəndaşı olmaq,
həmçinin Senata seçilmək hüququnu tanıması olmuşdu. Bu irəliyə doğru inqilabi
addım idi. Qulların vəziyyətinin yaxşılaşdırılmasını nəzərdə tutan bəzi
islahatları da həyata keçirmişdi. Lakin Klaudiusun bu addımları nə qədər mütərəqqi
olsa da, daimi stabillik və inkişaf perspektivi yaratmırdı. Sülalə sistemi bir
növ hər şeyin taleyini xalqın əlindən alır, qan qohumluğuna görə bütün səlahiyyətlərə
sahib çıxacaq varisin iradəsindən asılı vəziyyətə salırdı. İnsanlar sadəcə bu
qeyri-müəyyən perspektivlə zorən razılaşmaq məcburiyyətində idi. Sanki xalqın
taleyi ilə qumar oynanılırdı.
Klaudiusdan sonra xalqın bəxti bu “qumarda”
yenə gətirməmişdi. Taxta Romanı bu vaxta qədər tarixində görmədiyi zülmə məruz
qoyacaq Neron çıxmışdı. Neronun qəddarlığı haqqında çoxlu məlum rəvayətlər var.
Birini, nisbətən az məlum olanı burada qeyd etmək istəyirəm. Deyirlər Neron hətta
o qədər ağını çıxarıbmış ki, gecələr yaxşı vurandan sonra küçəyə gəzməyə çıxır,
yoldan keçənlərə sataşır, müqavimət göstərənləri sadəcə xəncərlə vurub öldürürmüş.
Bir sözlə Neron imperiyanı məhvin bir addımlığına yaxınlaşdırır.
Legionların üsyanı Neronu özünə qəsd məcburiyyətində
qoyur. Bu dəfə romalılar hakimiyyətə sülalə
nümayəndəsini və hətta patrisini də deyil, daha aşağı zadəgan silki olan "equesterian"ların nümayəndəsi Vespasianı
gətririrlər. Yeni sülalənin başçısı əvvəldə tamamilə Senatdan asılı vəziyyətə
düşür, bu məhdudiyyət imperatoru xalqın etimadı uğrunda səylərə və beləliklə onun
bir çox müsbət quruculuq işləri görməsinə rəvac verir. Lakin qazandığı uğurlar
və etimad Vespasianı tədricən xalqın gözündə tam legitimləşdirir və o yenidən mütləq
hakimiyyəti imperator sarayına qaytarmağa müvəffəq olur. Yaranmış vəziyyətin ən
yaxşı təsvirini də məhz elə Vesapasian özü verib: “Düşünürəm ki, mən ilahiyə
çevrilirəm” deyərək, ikinci sülalənin əsasını qoyub.
Yeri gəlmişkən Vespasian tarixə həm də ilk
“kanalizasiya pulu” vergisini tətbiq edən adam kimi düşüb, oğlu və özündən
sonrakı imperator Titus buna etiraz etsə də, Vespasian əlindəki qızıl pulu
Titusa verərək ondan qoxu verib vermədyini soruşub, oğlunun “yox” cavabı isə,
“pul qoxu vermir” (Pecunia non olet) ifadəsinin tarixə bu hadisədən miras
qalmasına səbəb olur. Roman dillərinin bir çoxunda ictimai ayaqyoluna indi də
“vespasienne” deyirlər. Vespasian həm də Kolizeyin tikintisinin əsasını
qoyandır.
Bu ilahiləşmə, arxayınçılıq və sülalə idarəçiliyinin
növbəti sürprizi Vespasianın kiçik oğlu
Domitsian dövründə özünü büruzə verir. Domitsian deyilənə görə hətta qəddarlıqda
Neronu da keçibmiş. Xobbisi milçək öldürmək imiş. Tənhalığı sevərmiş. İdarəçiliyində
mülklərin konfiskasiyası, repressiya xarakterlı şou məhkəmələr kütləvi xarakter
daşıyırmiş. Amma Domitsian eyni zamanda böyük tikinti işləri ilə də yadda qalıb.
Heç bir digər imperatorun tikinti işləri belə böyük miqyas almayıb. Domitsian özünü həm də Roma mənəviyyatının
ömürlük qoruyucu elan edir. Kapitol oyunları adlanan məşhur idman yarışlarına rəvac
verir. Kiçik Pliniy yazır ki, Domitsian dövrü şeirə qulaq asanların sayının
xeyli azadlığı, amma eyni zamanda nə qədər təzadlı da olsa, əksinə şeir
yazanların sayının sürətlə artdığı bir dövrdür.
Domitsianın
avtokratik idarəçiliyi nəhayət o qədər sərtləşir
ki, o zövcəsinin də iştirak etdiyi sui-qəsd nəticəsində öldürülür. Yenə də
despotizmdən təngə gəlmiş xalq imperator hakimiyyətini məhdudlaşdırmaq vasitələri
axtarmağa başlayır. Legion rəhbərləri və Senat
birbaşa sülalə idarəçiliyinin qarşısını almaq üçün yaşlı və uşağı olmayan Nerva-nı
imperator seçirlər. İctimai rəy həm sülalə keçidini reviziya eləmək, həm də əhalinin
daha geniş kütlələrinin idarəçilik institutlarına cəlb olunmasını tələb edirdi.
Dolayısıyla meritokrasinin, yəni əsil nəcabət əvəzinə fərdin şəxsi qabiliyyətinin
əsas meyar kimi dövlət qulluğunda əhəmiyyətini artırmaq istiqamətində mühüm
addım atılırdı. Nəticədə Nerva əhalinin simpatiyasını nəzərə alaraq, ümumiyyətlə
qeyri-patrisi nəslindən (bəzi mənbələr görə hətta qeyri-Roma) olan, lakin populyar leqat (legion komandiri) Troyan-ı özünün varisi
elan edir. Kiçik Pliniy Troyan haqqında yazırdı ki o imperator deyil, bizim
kimi adi vətəndaşlardan biridir.
Troyan dövründə Romanın siyasi idarəçiliyinin universallaşdırılması istiqamətində
daha bir mühüm addım atılır. İndi artıq imperiyanın istənilən bölgəsindən təhsilli, bacarıqlı və varlı adam
imperator ola bilərdi. Həmçinin əhalinin daha geniş sosial təbəqələri dövlətin
imkanlarından yararlanmaq hüququ əldə edirdilər. Bir az sonra imperatorları ümumiyyətlə
qeyri Roma əsillilərdən də seçəcəkdilər. Roma imperator taxtına ayrı-ayrı
vaxtlarda hətta əslən ərəb, bərbər, qaradərili mavr olan şəxslər belə oturmuşdu.
İmperator Petrinaks isə hətta vaxtilə qul olmuş bir adamın oğlu idi. Məhz
meritokrasi ənənəsinin yaranması Romanın ayaqda durmasını və inkişafını təmin
edən vacib elementlərdən birinə çevrilirdi.
Beləliklə
Domitsianın ölümündən, yəni ikinci sülalədən sonra siyasi və dövlət idarəçiliyində
baş verən dəyişikliklər imperiyanın inkişafına xeyli pozitiv impuls gətirdi. Makiavelli
Domitisandan sonrakı 5 Roma hakimini “Yaxşı İmperatorlar Dövrü” adlandırır. Bu 5 nəfərin içərisində Adrian, Markus Avrelius
kimi müvafiq olaraq humanist və stoik fəlsəfənin məşhur nümayəndələri da var
idi.
Bütün bu nailiyyətlərə baxmayaraq məncə Romada
siyasi sistemin ən böyük çatışmazlığı məhz ali hakmiyyət daşıyıcısına vaxt məhdudiyyətinin
qoyulmaması idi. Halbuki Romanın tarixində, Respublika dövründə bu praktika
siyasi idarəçiliyin məğzi idi. Roma respublikasında ən böyük vəzifə konsul
sayılırdı, 2 konsul bir il müddətinə hakimiyyətə seçilirdi. Ritorika xatirinə
bir az ciddi məzələnsək, məncə əvvəl diktator, sonra imperator yaratmaqdansa,
konsulun birini saxlayıb, 2 dəfədən artıq seçilməmək şərtilə hakimiyyətinin
müddətini 3 ya 4 ilə qalxızmaqla həm stabilliyi təmin etmək, həm də
Respublikanı qorumaq olardı. Aydındır ki, bu çox çiy bir mülahizədir. Lakin real həyatda birincinin hakimiyyətinə vaxt məhdudiyyəti qoymayan sistem
bütün pozitiv islahatlara rəğmən mahiyyət etibarilə dəyişmir və həmişə problem mənbəyi olaraq qalırdı.
Əlbəttə Roma imperatorlarının ilahiləşdirilməsi
ənənəsi onların hakimiyyətinin qanuni şəkildə məhdudlaşdırılması ehtimalını bəri
başdan heçə endirirdi. Bu elə imperiya ilə respublikanın əsas fərqi idi.
İmperiyanı potensial “ilahilər” idarə edirdi. İlahinin hakimiyyəti isə vaxtla məhdudlaşadırıla
bilməzdi.
Xristianlığın qəbulu ilə monarxların statusu
“ilahi”dən “ilahinin yerdəki nümayəndəsi” səviyyəsinə endirilsə də, parlamentin
(senatın) tarixin arxivinə göndərilməsi, əksinə özünə Avqustun “Sezar” titulunu (çar, kaiser,
imperator və sairə şəklində) götürmüş Avropa mütləq monarxlarını hətta Romanın “ilahiləşmiş” imperatorlarından
da depostik hakimlərə çevrimişdi. Məhz bunun da nəticəsində orta əsr Avropası, Romadan inkişafına görə qat-qat geri qalan bir məkana dönürdü.
Şəkildə Cəmil müəllimlə Forum Romanum-un, yəni 2000 il əvvəl yuxarıda yazılan hadisələrin cərəyan etdiyi yerin lap göbəyindəyik:)