21.10.12

IMPERIVM ROMANVM


Romalıların Avqustu imperator etməsinin səbəbi Sezarın qətlindən sonra yaranmış qarışıqlıqdan bezmələri idi.  Məsuliyyəti başlarından ataraq demokratiyanın bir hissəsini stabilliyə könüllü qurban verirdilər. Avqust hakimiyyətinin sülalə monarxiyasına dönəcəyi ağıllarına belə gəlmirdi. Cəzasını çəkəcəkdilər. Kaliqula, Neron kimi qəddar hakimlər romalıların başına olmazın zülmlər gətirmişdilər.

Əslində zülmlər elə Avqustdan dərhal sonra başlamışdı. Onun varisi Tiberuis özü Kapriyə gedərək, ölkədə bütün hakimiyyəti Secanus adlı qəddar bir şəxsə vermişdi. Secanusun əməlləri və ondan narazılıq o həddə çatmışdı ki, Tiberius xalqın qəzəbindən qorunmaq üçün Senatın əli ilə onu məhv etmək məcburiyyətində qalmışdı. Bir müddət sonra Tiberiusun özünün də ölümünü xalq sevinclə qarşılayacaqdı. Lakin romalılar yağışdan çıxıb yağmura düşəcəkdilər. Tiberiusun varisi Kaliqulanın qəddarlığı daha da şiddətli idi və bu despot sonda elə ətrafı tərəfindən də qətlə yetiriləcəkdi.

Növbəti imperator Klaudius romalıların hakimiyyətə olan  etimadını bərpa etmək üçün bir sıra tədbirlərə əl atmışdı. Bu tədbirlər içərisində həm təbliğat xarakterli, populist addımlar, həm də real işlər var idi. Məsələn, deyirlər ki, o Senat iclaslarında, yaxud öz sarayında şikayətləri qəbul etdiyi vaxtlarda həmişə ayaq üstə duranlardan kifayət qədər oturacaq olmadığına görə üzr istəyərmiş. Real işləri isə işğal olunmuş ərazilərin əhalisinə nəinki Roma vətəndaşı olmaq, həmçinin Senata seçilmək hüququnu tanıması olmuşdu. Bu irəliyə doğru inqilabi addım idi. Qulların vəziyyətinin yaxşılaşdırılmasını nəzərdə tutan bəzi islahatları da həyata keçirmişdi. Lakin Klaudiusun bu addımları nə qədər mütərəqqi olsa da, daimi stabillik və inkişaf perspektivi yaratmırdı. Sülalə sistemi bir növ hər şeyin taleyini xalqın əlindən alır,  qan qohumluğuna görə bütün səlahiyyətlərə sahib çıxacaq varisin iradəsindən asılı vəziyyətə salırdı. İnsanlar sadəcə bu qeyri-müəyyən perspektivlə zorən razılaşmaq məcburiyyətində idi. Sanki xalqın taleyi ilə qumar oynanılırdı.

Klaudiusdan sonra xalqın bəxti bu “qumarda” yenə gətirməmişdi. Taxta Romanı bu vaxta qədər tarixində görmədiyi zülmə məruz qoyacaq Neron çıxmışdı. Neronun qəddarlığı haqqında çoxlu məlum rəvayətlər var. Birini, nisbətən az məlum olanı burada qeyd etmək istəyirəm. Deyirlər Neron hətta o qədər ağını çıxarıbmış ki, gecələr yaxşı vurandan sonra küçəyə gəzməyə çıxır, yoldan keçənlərə sataşır, müqavimət göstərənləri sadəcə xəncərlə vurub öldürürmüş. Bir sözlə Neron imperiyanı məhvin bir addımlığına yaxınlaşdırır.

Legionların üsyanı Neronu özünə qəsd məcburiyyətində qoyur. Bu dəfə  romalılar hakimiyyətə sülalə nümayəndəsini və hətta patrisini də deyil, daha aşağı zadəgan silki olan "equesterian"ların nümayəndəsi Vespasianı gətririrlər. Yeni sülalənin başçısı əvvəldə tamamilə Senatdan asılı vəziyyətə düşür, bu məhdudiyyət imperatoru xalqın etimadı uğrunda səylərə və beləliklə onun bir çox müsbət quruculuq işləri görməsinə rəvac verir. Lakin qazandığı uğurlar və etimad Vespasianı tədricən xalqın gözündə tam legitimləşdirir və o yenidən mütləq hakimiyyəti imperator sarayına qaytarmağa müvəffəq olur. Yaranmış vəziyyətin ən yaxşı təsvirini də məhz elə Vesapasian özü verib: “Düşünürəm ki, mən ilahiyə çevrilirəm” deyərək, ikinci sülalənin əsasını qoyub.

Yeri gəlmişkən Vespasian tarixə həm də ilk “kanalizasiya pulu” vergisini tətbiq edən adam kimi düşüb, oğlu və özündən sonrakı imperator Titus buna etiraz etsə də, Vespasian əlindəki qızıl pulu Titusa verərək ondan qoxu verib vermədyini soruşub, oğlunun “yox” cavabı isə, “pul qoxu vermir” (Pecunia non olet) ifadəsinin tarixə bu hadisədən miras qalmasına səbəb olur. Roman dillərinin bir çoxunda ictimai ayaqyoluna indi də “vespasienne” deyirlər. Vespasian həm də Kolizeyin tikintisinin əsasını qoyandır.  

Bu ilahiləşmə, arxayınçılıq və sülalə idarəçiliyinin növbəti sürprizi Vespasianın kiçik oğlu Domitsian dövründə özünü büruzə verir. Domitsian deyilənə görə hətta qəddarlıqda Neronu da keçibmiş. Xobbisi milçək öldürmək imiş. Tənhalığı sevərmiş. İdarəçiliyində mülklərin konfiskasiyası, repressiya xarakterlı şou məhkəmələr kütləvi xarakter daşıyırmiş. Amma Domitsian eyni zamanda böyük tikinti işləri ilə də yadda qalıb. Heç bir digər imperatorun tikinti işləri belə böyük miqyas almayıb. Domitsian özünü həm də Roma mənəviyyatının ömürlük qoruyucu elan edir. Kapitol oyunları adlanan məşhur idman yarışlarına rəvac verir. Kiçik Pliniy yazır ki, Domitsian dövrü şeirə qulaq asanların sayının xeyli azadlığı, amma eyni zamanda nə qədər təzadlı da olsa, əksinə şeir yazanların sayının sürətlə artdığı bir dövrdür.

Domitsianın avtokratik idarəçiliyi  nəhayət o qədər sərtləşir ki, o zövcəsinin də iştirak etdiyi sui-qəsd nəticəsində öldürülür. Yenə də despotizmdən təngə gəlmiş xalq imperator hakimiyyətini məhdudlaşdırmaq vasitələri axtarmağa başlayır. Legion rəhbərləri və Senat birbaşa sülalə idarəçiliyinin qarşısını almaq üçün yaşlı və uşağı olmayan Nerva-nı imperator seçirlər. İctimai rəy həm sülalə keçidini reviziya eləmək, həm də əhalinin daha geniş kütlələrinin idarəçilik institutlarına cəlb olunmasını tələb edirdi. Dolayısıyla meritokrasinin, yəni əsil nəcabət əvəzinə fərdin şəxsi qabiliyyətinin əsas meyar kimi dövlət qulluğunda əhəmiyyətini artırmaq istiqamətində mühüm addım atılırdı. Nəticədə Nerva əhalinin simpatiyasını nəzərə alaraq, ümumiyyətlə qeyri-patrisi nəslindən (bəzi mənbələr görə hətta qeyri-Roma) olan, lakin populyar leqat (legion komandiri) Troyan-ı özünün varisi elan edir. Kiçik Pliniy Troyan haqqında yazırdı ki o imperator deyil, bizim kimi adi vətəndaşlardan biridir.

Troyan dövründə Romanın siyasi idarəçiliyinin universallaşdırılması istiqamətində daha  bir mühüm addım atılır. İndi artıq imperiyanın istənilən  bölgəsindən təhsilli, bacarıqlı və varlı adam imperator ola bilərdi. Həmçinin əhalinin daha geniş sosial təbəqələri dövlətin imkanlarından yararlanmaq hüququ əldə edirdilər. Bir az sonra imperatorları ümumiyyətlə qeyri Roma əsillilərdən də seçəcəkdilər. Roma imperator taxtına ayrı-ayrı vaxtlarda hətta əslən ərəb, bərbər, qaradərili mavr olan şəxslər belə oturmuşdu. İmperator Petrinaks isə hətta vaxtilə qul olmuş bir adamın oğlu idi. Məhz meritokrasi ənənəsinin yaranması Romanın ayaqda durmasını və inkişafını təmin edən vacib elementlərdən birinə çevrilirdi.

Beləliklə Domitsianın ölümündən, yəni ikinci sülalədən sonra siyasi və dövlət idarəçiliyində baş verən dəyişikliklər imperiyanın inkişafına xeyli pozitiv impuls gətirdi. Makiavelli Domitisandan sonrakı 5 Roma hakimini “Yaxşı İmperatorlar Dövrü” adlandırır.  Bu 5 nəfərin içərisində Adrian, Markus Avrelius kimi müvafiq olaraq humanist və stoik fəlsəfənin məşhur nümayəndələri da var idi.

Bütün bu nailiyyətlərə baxmayaraq məncə Romada siyasi sistemin ən böyük çatışmazlığı məhz ali hakmiyyət daşıyıcısına vaxt məhdudiyyətinin qoyulmaması idi. Halbuki Romanın tarixində, Respublika dövründə bu praktika siyasi idarəçiliyin məğzi idi. Roma respublikasında ən böyük vəzifə konsul sayılırdı, 2 konsul bir il müddətinə hakimiyyətə seçilirdi. Ritorika xatirinə bir az ciddi məzələnsək, məncə əvvəl diktator, sonra imperator yaratmaqdansa, konsulun birini saxlayıb, 2 dəfədən artıq seçilməmək şərtilə hakimiyyətinin müddətini 3 ya 4 ilə qalxızmaqla həm stabilliyi təmin etmək, həm də Respublikanı qorumaq olardı. Aydındır ki, bu çox çiy bir mülahizədir. Lakin real həyatda birincinin hakimiyyətinə vaxt məhdudiyyəti qoymayan sistem bütün pozitiv islahatlara rəğmən mahiyyət etibarilə dəyişmir və həmişə problem mənbəyi olaraq qalırdı. 

Əlbəttə Roma imperatorlarının ilahiləşdirilməsi ənənəsi onların hakimiyyətinin qanuni şəkildə məhdudlaşdırılması ehtimalını bəri başdan heçə endirirdi. Bu elə imperiya ilə respublikanın əsas fərqi idi. İmperiyanı potensial “ilahilər” idarə edirdi. İlahinin hakimiyyəti isə vaxtla məhdudlaşadırıla bilməzdi.

Xristianlığın qəbulu ilə monarxların statusu “ilahi”dən “ilahinin yerdəki nümayəndəsi” səviyyəsinə endirilsə də, parlamentin (senatın) tarixin arxivinə göndərilməsi, əksinə özünə  Avqustun “Sezar” titulunu (çar, kaiser, imperator və sairə şəklində) götürmüş Avropa mütləq monarxlarını hətta Romanın “ilahiləşmiş” imperatorlarından da depostik hakimlərə çevrimişdi. Məhz bunun da nəticəsində orta əsr Avropası, Romadan inkişafına görə qat-qat geri qalan bir məkana dönürdü.    

Şəkildə Cəmil müəllimlə Forum Romanum-un, yəni 2000 il əvvəl yuxarıda yazılan hadisələrin cərəyan etdiyi yerin lap göbəyindəyik:)


16.10.12

Adımız niyə Bazarbaycandır


Deməli, bizim bu doğma Azərbaycan sözünün mənşəyi haqqında milli tarixçilərimizin bir versiyası var. Deyirlər ki, bu “Xəzərbayqan” sözündən yaranıb. “Xəzər” bilirsiniz nədir,  “bəy”i də həmçinin, qaldı “qan” suffiksi  də  yer  deməkdir. Yəni Xəzər bəyin yeri. Mən bu versiyaya inanardım, amma bu versiyanı dilə gətirənlər heç cür izah edə bilmirlər ki, bu “x” hərfi hara itib, bunun başına nə iş gəlib. Elə bu “x” hərfinin aqibətini düşünürdüm ki, ağlıma başqa bir versiya gəldi. 

Yəni mənim fikrimcə Azərbaycan sözü Xəzərbaycan deyil, Bazarbaycan sözündən əmələ gəlib. Əşşi, bir dayan görək! Bilirəm ki, bu versiyanı məndən qabaq dilə gətirblər. Amma mən onu isbat edəcəm. Məsələ burasındadır ki, mən “B” hərfinin hara itib batmasını elmi şəkildə izah edə bilərəm. Amma bu axırda olacaq, indi isə gəlin Sizə başa salım ki, niyə məhz Bazarbaycan?

"Bazar-bəy-qan"- başqa sözlə Bazar bəyin yeri. Möcüzədir ki, bu sübutlar niyə indiyə kimi tarix kitablarımızda istifadə olunmayıb. Həzərat, bura dünyanın ilk bazarı olub. Onun əsasını qoymuş əfsanəvi Bazar bəy, bazarı kəşf edəndən sonra birincisini burada yaradıb öz adını da qoyub ona. Tədricən hər məmləkətdən bura adamlar gəlib və tarixdə ilık bazar mədəniyyəti formalaşıb, bazarbaycanlıların mədəniyyəti.

Mən Sizə bir dəfə yazmışam ki, məsələn, Xarəzmdə aparılan arxeoloji tədiqatların ən böyük mistikası odur ki, orada pul tapılımır. Amma burada bizdə elə hər yerdən pul çıxır, özü də dünyanın hər yerinə aid pullar. Bu yaxınlarda hətta Ağsudan Hollandiya dukatları da tapdılar. Bir sözlə buranın Bazarbaycan olduğunu arxeoloji qazıntılar da sübut edir. Bizim camaatın məhz bazar camaatı olduğunu, yəni xırda alverə aludəçiliyini həmçinin arxeoloji qazıntılardan tapılan pulların əksəriyyətinin mis pullar olması da sübut edir.

Bax tutaq ki, biz gedirik xaricə. "Xax" dərhal gedir nə bilim muzeyə, teatra və sair gic-gic yerlərə, biz isə gedirik məhz dükana.

Bakı sözü də BA ilə başlayır. Niyə Bazar Bakı olub, mənim izahım belədir: Bura əvvəl deyiblər “Bazarbaycanın paytaxtı”, sonra sözü qısaldıblar olub “bazarın paytaxtı”. Sonra paytaxt sözünü suffikslə əvəz ediblər olub “bazarınkı”, sonra söz uzun olduğundan daha da qısaldıb ediblər prosto “Bakı”. Qədimdə belə ənənələr olub, məsələn amerikalılar Los Angelesə “eley” (əlifbanın baş hərfləri ilə-LA) deyirlər.

Bazar bizimdir. Baxın, cənubda Təbrizdən Tehranadək azərbaycanlılara “bazari” deyirlər. İranın istənilən digər müəssisəsində, məktəbdə, idarədə farsca danışırlar, amma nəinki Təbriz, hətta Tehranda da bazarda ancaq Azərbaycan dilindən istifadə olunur.Deyilənə görə hətta İrəvan bazarında belə danışıq dili Azərbaycan dilidir. Niyə? Ona görə ki, orada indi göyərti satanlar bizim güneyli qardaşlarımızdır. Erməni farsca bilmir, güneyli qardaş da nə ermənicə bilir, nə də rusca. Bu halda nə dilində danışmaq lazım gəılir, əlbəttə məhz azərbaycanca. Can bazar! Bizi xilas edəcək.

Hətta iş o yerə çatmışdı ki, qərb mətbuatı İrandan yaşıl inqilabın iflasının səbəbkarı kimi da məhz bizləri göstərərkən bu qədim adımızdan istifadə edirdilər. Yəni açıq yazmırdılar ki, bu yaşıl inqilab onu azərbaycanlıların dəstəkləməməsi səbəbi ilə baş tutmayıb, sadəcə deyirdilər ki, bazarilər demokratik dəyişiklikləri istəmədilər.

Bizim yalnız güneyli deyil, elə quzeylilərimiz də bazarbaycanlı olduqlarını tarixən sübut ediblər. Məsələn, gedin Rusiyanın, Ukraynanın istənilən bazarına bizimkilərlə tıxlı təpildir. Burada hər şeylə məşğul olublar. Təzə iri bazar bəylərimiz də peyda olub. Bir sözlə bazar bizlikdir. Biz bazarıq və bazar bizik!

Elə özümüzə baxın, dünyanın heç yerində olmayan bazarlar bizdə var. Məsələn, maşın bazarı, kvartira bazarı, qara bazar, kömürçü bazarı, ermənikənd bazarı, mikrorayon bazarı. Ay camaat, bütün yer üzündə quldarlıq ləğv olunub, amma bizdə qul bazarı da var! A kişi, universitet bazarı, qiymət alıb satmaq, bunu biz icad eləmişik!

Bazar bizim folklorda da özünə geniş yer tapıb. Atalar sözlərimiz var, məsələn  “örtülü bazar dostluğu pozar” kimi. Həmçinin populyar dualarımız var: “Allah bazar versin, bazar olsun”. Salamlarımız var: “bazarun xeyir” kimi. Bizdə bir söz var “siftə” dünyanın heç bir dilinə tərcüməsi yoxdur. Hansı dildənki götürmüşük orada da başqa məna verir.

Adamların pulu oldu olmadı həvəslə getdiyi bir yer var o da bazarlıq! Bazar palçığı ilə, çirki ilə, fırıldağı ilə, təmiz tualeti ilə bizim kimlyimizdir. Biz bəzən heç nə almırıq, sadəcə elə qiymət öldürməyə bazara gedirik. Xoşumuz gəlir prosesdən. Bazar bizə o qədər mərhəmdir ki, bizdən kimsə nəyinsə qiymətini soruşanda heç vaxt əsil qiymətini demirik. Ağlımıza gələn qiyməti deyirik, sonra əlavə edirik ki, aşağı yeri var, yəni gəl bazarlıq edək. Ürəyimiz açılır, başlayırıq bazarlığa gülə-gülə, hap- gop, zarafat,  yalançı andın biri bir qəpiyə.... Bir sözlə əsil bazarlıq, bəh-bəh!

Yaşasın Bazarbaycan! Bizdə bir söz var deyirlər "ala, bura sənin üçün bazar deyil”. Biz o qədər tariximizə biganəyik ki, elə bilirik bu neqativ söhbətdir.  Əsla. “Bura bazar deyil”, yəni özünü yığışdır, azadlıq bazarda qaldı. Burada kimliyini gizlətməlisən, burada özünü elə aparmalısan guya kulturni zadsan. Bir sözlə ikiüzlülük, qeyri səmimilik. Halbuki bazarda məhz özün olursan, əsil bazərbaycanlı olursan. Bura bazardır-burada hər şey olar! Elə ki, bazardan çıxdın, özünü yığışdır, özünü elə apar ki, guya bazar adamı deyilsən. Yəni bizim uçün azadlıq ancaq bazarda var!

Yaşasın Bazarbaycan!  Bu “bazar adamı” sözünə mənfi çalar verilməsi də imperializmin azərbaycanlılara qarşı diskriminasiya siyasətinin nəticəsidir. Bir dəfə xaricdə bir rus xanım gördüm, o saat özümü verdim bunun yanına mükəmməl rus dilində dedim ki, "ağez, ti otkuda?" dedi ki, "a vi?" Dedim ala, Azərbaycan!!!! Dedi: “aaa, rinok” Dedim aaz, kimə deyirsen, bir de gördüm bir ejdaha İvan gəlir ki,  "chto sluchilos", dedim, “ona mne rinok skazal”, ya prosto xotel obyasnyit chto, ya ni rinok, ya bazar:)   Dedi ki, “bazaru net:)

Həzərat, söhbət əsnasında dostlardan biri yadımıza saldı ki ölkənin ən yüksək nöqtəsi də "Bazardüzü" adlanır,
Nəhayət indi gələk o məsələyə ki, necə olub Bazarbaycan dönüb olub Azərbaycan . Çox elementar baş verib.  Bazarda birinə həmişəki kimi həm çəkidə, həm qiymətdə, həm də malın keyfiyyətində krupni atıblar (hamımızn başına gəlib) bu da hirsindən qışğırıb ki, ala? bura Bazarbaycan deyil eee, AZARbaycandır. Söz camaatın xoşuna gəlib, elə o vaxtdan adımızı qoymuşuq Azarbaycan.

14.10.12

21.9.12

Rusiyanın problemi


Beləliklə, niyə Rusiyanın Pyotrdan sonra modernləşməsi yarımçıq nəticələr verdi və ölkə yaşayış standartları yüksək inkişaf etmiş məkana çevrilə bilmədi.

Pyotr bəzi məsələləri dəqiq anlamışdı:

1) O bilirdi ki, Rusiyanın Şərqdə nailiyyətləri, yəni fakitiki manesəiz irəliləməsi və əski İpək Yolunun xeyli hissəsini nəzarətə götürə bilməsi, bu qlobal ticarət yolunun əhəmiyyətinin tədricən sıradan çıxması ilə bağlıdır. İndi ticarət məhz dəniz yollarındadır. Qüdrətli olan, dənizdə ağalığını təmin edəndir. Rusiya bir xeyli gecikib. Müsəlman dünyası isə İpək Yolunun əhəmiyyətinin xeylis zəifləməsi ilə əsas iqtisadi üstünlüyünü itirdiyini hələ başa düşmürdü. 1571-ci il  Lepanto döyüşü ilə isə onsuzda okeana çıxmaq anlayışı olmayan Osmanlının Aralıq dənizində də ağalığına son qoydular. Bu dəniz yolu elə bir möcüzəli silah idi ki, ona vaxtında yiyələnə bilən balaca bir Niderland başından bir xeyli yuxarı hoppanıb superdövlətə çevrilə bilmişdi. 1588 -ci il dəniz döyüşündən sonra isə İngiltərə su yollarının ən qüdrətli sahibnə çevrilmişdi. Pyotr elə Niderland misalına görə ora getmiş və ikinci vacib məsələni də modernləşmənin əsas açarlarından biri kimi əxz etmişdi:  

2) Pyotr texnologiyanı götürərərək, gəmi tikmək, silah düzəltmək, ordu quruculuğu,  manufaktura istehsalı və s. sahəsində Avropanın nailiyyətlərinə yiyələnmək qərarında qəti idi. Qədim rus ordusu olan streletslər buraxılmış, yerinə Semyonovsk, Preobrajensk alayları və onların bazasında yeni rus ordusu yaradılmışdı. Osmanlı isə Lepantoda rəqib artıq mahonla üzərkən özü qalerada, Krım müharibəsində isə hamı buxarda olarkən yelkəndə idi. Texnoloji cəhətdən çox geridə idi. Yeniçəri ordusu köhnəlmiş və demək olar ki, yararsız hala düşmüşdü. 

3) Niderland və İngiltərə kimi uğurlu dövlətlərin timsalında Pyotr həmiçinin katolik kilsəsindən imtinanın da faktor olduğunu düşünmüş, ona görə qayıdan kimi Rus Pravoslav kilsəsinin cəmiyyətdəki konservativ rolunu azaldacaq bir sıra addımlar atmışdı: məşhur kilsə zənglərinin əridilməsindən tutmuş Sinodun təşkilinə kimi. Ümumiyyətlə Pyotr mədəni transformasiyaya ciddi əhəmiyyət verirdi. Saqqal qırxılmış, kaftanlar zorla əyanlara geydirilmişdi. Pyotrun imkanı olsa idi dili də dəyişdirərdi:) Həttə özünə bəzi əyanların alman, yoxsa flamand dilində  "Min herz" deyə müraciət etməsinə nail olmuşdu. Yüzlərlə avropalı alman, fransız, skandinaviyalı mütəxəssisi Rusiyaya çağırıb məskunlaşmağına şərait yaratmışdı. Pyortun bu işlərini, özü də alman olan Yekaterina daha da irəli aparmışdı, ortodoks-pravoslav kilsəsinin səlahiyyətləri bir az da məhdudlaşdırılmışdı, kilsənin torpaq mülkiyyət hüququ ləğv edilmişdi. Fransa inqilabndan sonra isə fransız dili rus saray və əyanının vacib bir atributuna çevrilmişdi. Beləliklə bütün bunlar Rusiyanı xeyli irəli aparmış, qüdrətli hərbi qüvvəyə çevirmiş, amma inkişaf etmiş dövlətlər sırasına qovuşdura bilməmişdi.

4) Nigar adında bir tələbəmizin dediyi ki, balonu havaya buraxsalar da, zənbilin altından ağır bir çəki daşı asılmışdı.  Rusiya Volter və Russoya vurulub onların dilini dəbə çevirməkdən daha vacib, dediklərinin əsas məzmununu əxz etməli idi. Rusiya qəbul etməli idi ki, əvvəl İngiltərə və Niderland, sonra Fransanın uğrunun arxasında həm də buralarda mütləq monarxiyanın sıradan çıxarılması durur. Dövr mütləq hakimiyyətin sonunu tələb edir. Ya İngiltərədə olduğu kimi uzun müqavimətdən sonra taxt məhdudlaşmağa razılaşır və məhdud monarxiyalı parlamentrarizm yaranır, yaxud xalq ümumiyyətlə monaxriyanı ləğv edib, yerinə  respublika qurur. İngiltərə və Niderlanddakı nailiyyətlər eyni səviyyədə olmasa da, bütün cəmiyyəti əhatə edə bilmişdi. Parlamentarzim, yəni siaysi idarəçiliyin modernləşməsi inkişafın ayrılmaz tərkib hissəsi idi. Ola bilməzdi ki, balaca bir elit bütün yeniliklərdən bəhrələnsin, cəmiyyətin əsas hissəsi isə təhkimli kəndli qalıb, qul kimi  hüquqsuz yaşasın. İnkişaf etmiş dövlət hakimiyyəti daha güclü və daha varlı olan dövlət deyil, bütövlükdə xalqı daha güclü və daha varlı olan dövlətdir. Rus zadəganları arasında  bu həqiqəti anlayanlar 1825-də ayağa qalxdılar, amma məğlubiyyətə uğradılar. Monarxiya problemin vacibliyini qismən anlamış ruslar Krım müharibəsində uduzandan sonra, 1861-də təhkimçilik hüququnu ləğv etmişdi. Amma tələb olunan çox vacib bir element heç vaxt həyata keçirilmədi. Nə 1905-ci ildəki dumalar cəhdi, nə 1917-dən sonrakı Müəssislər Məclisi və sovetlər, nə də 1991-dən sonrakı dumalar Rusiyada parlamentarizm məsələsini həll edib, bir nəfərin mütləq haklimiyyətinə son qoya bilmədi. Məhz buna görə Rusiyanın modernləşməsi yarımçıq qaldı və zaman-zaman onu katastrofik təbəddülatlarla üz-üzə qoydu.  Bu reallıq bu gün də var. Yəni Rusiya yenə də inkişaf etmiş ölkəyə çevrilə bilməyəcək və yeni təbəddülatlar birmənalı şəkildə qaçılmaz olacaq, rəsmi ya qeyri rəsmi mütləq monarxiya güclü parlamentlə və əsil müddətli idarəçiliklə məhdudlaşdırılana  kimi.